Kirill Rubinski Avropa və ABŞ-da qlobal maliyyə bazarları, özəl sərmayələr və strateji məsləhətçilik sahələrində 30 ildən çox təcrübəyə malik beynəlxalq sərmayə bankiri və texnologiya sərmayəçisidir.
Cənab Rubinski NEQSOL Holding-in yeganə Səhmdarının Baş Müşaviri və holdinqin Məsləhət Şurasının üzvüdür. Hazırda o, Birləşmiş Ərəb Əmirliklərində yerləşir və burada birbaşa sərmayələr və vençur kapitalı üzrə ixtisaslaşmış ailə ofisini idarə edir.
O, daha əvvəl bir sıra beynəlxalq maliyyə institutlarında rəhbər vəzifələrdə, o cümlədən Marsh & McLennan şirkətində Avropa üzrə Strukturlaşdırılmış Maliyyə üzrə İcraçı Direktor, Crédit Lyonnais bankında isə İcraçı Vitse-Prezident vəzifələrində çalışıb. Bu vəzifələr çərçivəsində cənab Rubinski infrastruktur, enerji və sənaye sektorlarını əhatə edən mürəkkəb maliyyələşmə strukturları və sərmayə fəaliyyətləri üzərində çalışıb.
Cənab Rubinski, həmçinin London və Kiyevdə yerləşən beynəlxalq sərmayə idarəetmə qrupu olan East One Group-un Baş İcraçı Direktoru və Prezidenti vəzifələrində çalışıb, burada media, internet xidmətləri və ənənəvi sənaye sahələrini əhatə edən şaxələndirilmiş sərmayə portfelinə rəhbərlik edib.
Bundan əlavə, o, özəl kapital və vençur kapitalı sahələrində idarəedici tərəfdaş və məsləhətçi kimi fəaliyyət göstərib, texnologiya, alternativ enerji, sənaye aktivləri və media bizneslərinə yönəlmiş sərmayələrə rəhbərlik edib və bu istiqamətlər üzrə məsləhətlər verib. Onun peşəkar təcrübəsi ABŞ-da qabaqcıl mobillik və aviasiya ilə bağlı layihələrdə iştirakı da əhatə edir.
Cənab Rubinski École Supérieure de Commerce de Paris (ESCP) ali məktəbində kommunikasiya və informasiya menecmenti üzrə ixtisaslaşaraq Elmlər Magistri dərəcəsi (ekvivalent) alıb, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO Universiteti) iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsinə (ekvivalent) malikdir.