Ümumi Məlumat

NEQSOL Holding əsas fəaliyyət istiqamətləri enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayeləri olan beynəlxalq şirkətlər qrupudur.

Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Niderland, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə fəaliyyət göstərir və dünya üzrə 25 milyondan çox müştəriyə xidmət edir.

NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər öz sahələrində geniş təcrübəyə malikdir, onların bəziləri isə iyirmi ildən çox müddətdə fəaliyyət göstərir. Holdinq strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla tərkibindəki şirkətləri birləşdirir.

İş adamı və xeyriyyəçi cənab Nəsib Həsənov NEQSOL Holding-in təsisçisi və 100% sahibidir. 1990-cı illərdə Sovet İttifaqının dağılması fonunda cənab Həsənov Qazaxıstan, Özbəkistan, Azərbaycan, Rusiya, Türkmənistan və digər keçmiş SSRİ ölkələrində broker xidmətləri göstərməyə başlayıb və ilk öncə kimya sənayesi məhsullarının təchizatı ilə məşğul olub. Cənab Həsənovun biznes fəaliyyəti kimya sənayesi məhsullarının və müxtəlif avadanlıqların təchizatı sahəsində genişlənərək, tədricən bölgənin neft-qaz sənayesinin mühüm təchizatçısına çevrilib.

Cənab Nəsib Həsənov broker biznesləri vasitəsilə topladığı kapitalı Azərbaycanın neft-qaz sahəsinə sərmayə edib və bu sahədə bizneslər yaradıb. Sonrakı sərmayələr qrupun əsasını təşkil edərək bu müəssisələrin sürətlə böyüməsinə və genişlənməsinə səbəb olub. Holdinqin enerji sənayesindəki biznesləri iki qrup, Nobel Oil E&P (UK) Limited (ticarət adı Nobel Upstream) və Nobel Energy (əvvəllər Nobel Oil Services (UK) Limited) altında birləşib.

Nobel Upstream Böyük Britaniya, ABŞ və Azərbaycanda kəşfiyyat və hasilat işləri ilə məşğul olur, Nobel Energy şirkətlər qrupu isə Xəzər regionunda və onun hüdudlarından kənarda beynəlxalq neft-qaz operatorlarına şaxələndirilmiş kompleks xidmətlər təqdim edir. Qrup neft-qaz sənayesində xidmətləri göstərən KCA Deutag, Wood Group və s. kimi aparıcı beynəlxalq şirkətlərlə bir neçə birgə müəssisələr yaradıb.

Holdinq 2005-ci ildə Azərbaycanın ilk telekommunikasiya şirkəti olan Bakcell-in alışını həyata keçirməklə telekommunikasiya sahəsinə daxil olub, bu isə sonradan bu sahədə digər müəssisələrin yaradılması və genişləndirilməsinə səbəb olub. NEQSOL Holding 2019-cu ildə Ukraynada ikinci ən böyük mobil rabitə operatoru olan Vodafone Ukrayna şirkətinin alışını həyata keçirib. Holdinqin şirkətləri müştərilərə yüksək keyfiyyətli və innovativ xidmətlər təqdim edirlər.

NEQSOL Holding Gürcüstan və Azərbaycan vasitəsilə Avropanı Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafı üçün 2018-ci ildə "Rəqəmsal İpək Yolu" ("Digital Silk Way") layihəsini həyata keçirməyə başlayıb. "Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da keçirilən "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı infrastruktur layihəsindən biri kimi seçilib.

2000-ci illərin sonunda Qrup tikinti xidmətləri və materialları bazarlarına çıxaraq öz biznes portfelini genişləndirib. Qrup enerji sənayesində tikinti xidmətləri ilə yanaşı, sement və əlaqəli materialların istehsalı ilə də fəal şəkildə məşğuldur. 2013-cü ildə fəaliyyətə başlamış Norm şirkəti hazırda Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır.

Holdinq həmçinin yüksək texnologiyalar üzrə müxtəlif startaplara və çoxsaylı bazarlarda innovativ həllər və etibarlı xidmətlər göstərən şirkətlərə sərmayə yatırıb.

İnsan kapitalını ən mühüm aktiv hesab edən NEQSOL Holding bütün dünyada 12 000-dən çox əməkdaşdan ibarət peşəkar komandaya malikdir. Holdinq öz biznes fəaliyyətini həm yeni coğrafiyalara, həm də yeni biznes istiqamətlərinə çıxış yolu ilə genişləndirməyi planlaşdırır.

Cənab Həsənov Nobel Energy, Nobel Oil E&P (UK) Limited (Nobel Upstream), Vodafone Ukrayna, Bakcell və Norm şirkətlərinin yeganə son faydalanan sahibidir.