
Xəbərlər
Peerstack Academy 3-cü mərhələ üzrə qəbul elan edir
2025-ci ilin aprel ayında fəaliyyətə başlayan “Peerstack Academy” qısa müddətdə Azərbaycanda İT təhsil sahəsində önəmli mövqe qazanıb. Akademiyaya edilən müraciətlər arasından seçilən 80 tələbə artıq tədris prosesinə uğurla qoşulub və intensiv şəkildə öyrənməyə davam edir.
“Peerstack Academy”də tədris il boyu fasiləsiz və çevik şəkildə həyata keçirilir. Akademiyanın 3-cü mərhələsi 2025-ci ilin sentyabr–oktyabr aylarında start götürəcək. Yeni qəbul mərhələsi gəncləri dinamik təhsil mühitinə qoşulmağa və qlobal standartlara uyğun imkanlardan yararlanmağa dəvət edir.
Akademiya ABŞ-nin qabaqcıl “Qwasar Silicon Valley” platforması ilə əməkdaşlıq edir. Tədris proqramları beynəlxalq standartlara uyğun, layihə əsaslı və praktik yönümlüdür. Full-Stack, Front-End və Back-End istiqamətlərini əhatə edən dərslər Ruby, JavaScript, React, PostgreSQL, REST API, Node.js, C, SQL, Java, Python kimi texnologiyalar üzrə real iş mühitinə uyğun və “peer-to-peer” metodologiyası ilə keçirilir. Bu yanaşma tələbələrdə texniki biliklərlə yanaşı əməkdaşlıq, analitik düşüncə və problem həll etmə bacarıqlarını da inkişaf etdirir.
Proqram “NEQSOL Academy”nin dəstəyi ilə həyata keçirilir və gənclər üçün 100%-dək təqaüd imkanları təqdim olunur. Təqaüdlər tələbələrin bilik və bacarıqlarına, həmçinin Akademiyada göstərdikləri nəticələrə əsasən verilir. Bu, həm daha çox gəncin proqramda iştirakını təmin edir, həm də Azərbaycanın İT ekosisteminin inkişafına töhfə verir.
Proqramı uğurla başa vuran tələbələr iki beynəlxalq diplom və real layihələrdən ibarət peşəkar portfolio əldə edirlər. Onlara işlə təmin olunma prosesində də dəstək göstərilir, bu da karyera imkanlarını genişləndirir və yerli bazarda yüksək ixtisaslı İT mütəxəssislərinin yetişməsinə şərait yaradır.
Qeyd edək ki, Peerstack tələbələri artıq təhsil müddətində Azərbaycanın aparıcı İT şirkətlərindən staj və təcrübə imkanları əldə etməyə başlayıblar. Bu proqramın effektivliyini və əmək bazarının real tələblərinə uyğunluğunu göstərir.
Akademiyada tədris yalnız texniki biliklərlə məhdudlaşmır. Tələbələr təqdimat, komanda işi, qərarvermə və tənqidi düşüncə kimi yumşaq bacarıqları da inkişaf etdirirlər. Bununla yanaşı, mütəmadi olaraq proqramçılar və İT sektorunun peşəkarları ilə seminarlar, görüşlər və praktiki sessiyalar təşkil olunur, bu da tələbələrin real iş mühitinə hazırlanmasını təmin edir.
İntensiv dərslərə baxmayaraq, tələbələrin sosial və əyləncəli fəaliyyətlərə vaxt ayırması da təşviq olunur. Akademiyanın müasir infrastrukturu çərçivəsində film seansları, intellektual oyunlar və müxtəlif tədbirlər keçirilir.
“Peerstack Academy” “NEQSOL Holding”in tərkibindəki NEQSOL Academy, Təhsilin İnkişafı Fondu və “Technology SNI” tərəfdaşlığı ilə yaradılıb. Hazırda Azərbaycan Texniki Universitetinin ərazisində yerləşən tədris mərkəzi 120 monoblok və 35 noutbuk, 1,000 m²-lik müasir açıq ofis, komanda işi və istirahət zonaları ilə təmin olunub.
“Peerstack Academy” tələbələrə beynəlxalq standartlara uyğun təhsil və geniş inkişaf imkanları təqdim edir. İT sahəsində gələcəyini qurmaq istəyən bütün gənclər 3-cü mərhələyə qoşulmağa dəvət olunur.
Ətraflı məlumat və qeydiyyat:
- Facebook: facebook.com/peerstack.tech
- Instagram: instagram.com/peerstack.tech
- LinkedIn: linkedin.com/company/peerstack-academy