
Xəbərlər
Kirill Rubinski NEQSOL Holding-in Səhmdarının Baş Müşaviri və Məsləhət Şurasının üzvü təyin olunub
NEQSOL Holding Kirill Rubinskinin holdinqin Səhmdarının Baş Müşaviri və Məsləhət Şurasının üzvü vəzifələrinə təyin olunduğunu elan edib.
Bu vəzifələr çərçivəsində cənab Rubinski NEQSOL Holding-in səhmdarına kapital, beynəlxalq sərmayə strategiyası və uzunmüddətli dəyərin yaradılması məsələləri üzrə məsləhətlər verəcək. Bundan əlavə, o, texnologiyalar, beynəlxalq sərmayələr və qabaqcıl korporativ idarəetmə təcrübələri ilə bağlı məsələlərin müzakirəsində iştirak edərək Məsləhət Şurasının fəaliyyətinə töhfə verəcək. Bu təyinat NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq intizamlı inkişaf və beynəlxalq bazarlarda seçici genişlənmə strategiyasına sadiqliyini əks etdirir.
Kirill Rubinski beynəlxalq maliyyə və sərmayələr sahəsində 30 ildən artıq təcrübəyə malikdir. O, daha əvvəl Marsh & McLennan, Crédit Lyonnais və East One Group şirkətlərində rəhbər vəzifələrdə çalışıb, sonuncuda baş icraçı direktor və prezident vəzifələrini icra edib. Sonrakı mərhələdə cənab Rubinski birbaşa sərmayələr və vençur kapitalı sahəsində idarəedici tərəfdaş kimi fəaliyyət göstərib, Avropa və ABŞ-da infrastruktur, enerji, texnologiya, media və sənaye sektorlarında sərmayə layihələrinə rəhbərlik edib və onlara məsləhət verib. Hazırda o, Birləşmiş Ərəb Əmirliklərində yaşayır və birbaşa sərmayələr və vençur kapitalı üzrə ixtisaslaşmış ailə ofisini idarə edir.
Təyinatla bağlı NEQSOL Holding-in Sədri Yusif Cabbarov qeyd edib: “Uzunmüddətli strategiyamızın icrası çərçivəsində biz holdinqin məsləhətçi və idarəetmə strukturlarını ardıcıl şəkildə gücləndiririk. Kirill Rubinskinin maliyyə, texnologiya və sərmayə idarəçiliyi sahəsində beynəlxalq təcrübəsi holdinqin strateji prioritetlərinə uyğun yeni imkanların qiymətləndirilməsi prosesində Səhmdar və Məsləhət Şurası üçün dəyərli töhfə verəcək.”
Kirill Rubinski bildirib: “NEQSOL Holding infrastruktur və telekommunikasiya sahələrinin kəsişməsində güclü və şaxələndirilmiş portfel formalaşdırıb. Səhmdarın Baş Müşaviri və Məsləhət Şurasının üzvü qismində holdinqə qoşulmaqdan məmnunam və qrupun beynəlxalq sərmayə və texnoloji gündəliyinin inkişafına töhfə verməyi səbirsizliklə gözləyirəm.”
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. NEQSOL Holding-in beynəlxalq komandasında 17 000-dən çox əməkdaşı çalışır. Holdinqin əməliyyat fəaliyyəti 10-dan artıq ölkəni əhatə edir. NEQSOL Holding-in tərkibinə Nobel Energy, Nobel Upstream, Vodafone Ukrayna, Bakcell, Azerconnect Group, Norm, UMCC Titanium və digər şirkətlər daxildir.
