Xəbərlər

FLEXcellence — Azərbaycanda böyük heyət üçün ilk uzaqdan iş proqramı başladıldı

Azərbaycanda ilk dəfə olaraq informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən Azerconnect innovativ “FLEXcellence” proqramını təqdim edib. Proqram böyük komandalar üçün effektiv uzaqdan iş rejimi idarəçiliyi təmin edir. Proqramın adı ingiliscə “Flexible Excellence” ifadəsindən götürülüb. Azerconnect bu proqramın yaratdığı imkanları həm öz əməkdaşlarına, həm də xidmət göstərdiyi təşkilatların işçilərinə təqdim edir.

Proqramın iş yeri və iş vaxtının idarə olunması üçün yaratdığı imkanlar əməkdaşlara spesifik iş fəaliyyətlərinin məhsuldarlığına mənfi təsir göstərmədən uzaqdan işləmək imkanı verir. Bu isə şirkətə beynəlxalq uğurlu təcrübəyə uyğun innovativ həlləri tətbiq etməklə fəaliyyətini optimallaşdırmağa və COVID-19 pandemiyasının yaratdığı yeni normal şəraitdə daha təhlükəsiz iş şəraiti təmin etməyə imkan yaradır.

Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Meneceri Mətanət Babayeva bildirib ki, proqram iş yeri və iş vaxtına dair ənənəvi anlayışlara fərqli yanaşmanı təmsil edir.

“İntroduksiya olunan hibrid iş modeli əsasında hər bir əməkdaş xüsusi proqram vasitəsilə şirkətin inzibati ofislərində masa rezerv edə bilər və həftənin müəyyən günlərində birbaşa rəhbərin razılığı ilə ofisdən işləyə bilər. Hibrid modelin tətbiqi əməkdaşlarımıza uzaqdan işləmək imkanı verməklə yanaşı, onların arasında komandada işləmək və sosiallaşmanı dəstəkləyir. Daha çevik iş mühiti yaradılmasının yanında, bu modelin tətbiqi yeni korporativ mədəniyyətin formalaşmasına da yol açacaq,” deyə Mətanət Babayeva bildirib.

Layihənin uğurundan danışan Baş İcraçı Direktor Emil Məsimov qeyd edib ki, informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən Azerconnect ən müasir texnologiyalardan faydalanmaqla çevik idarəetmə mexanizmlərini tətbiq etməyə böyük həvəs göstərir.

“FLEXcellence proqramı bu cür müasir texniki həllər sayəsində mümkün olub. Biz diqqətlə həyata keçirdiyimiz bu dəyişiklik COVID-19 pandemiyasının yaratdığı ehtiyaclar çərçivəsində uğurla sınaqdan keçirildi. İlkin nəticələr göstərir ki, proqram həm effektiv idarəçiliyə, həm də əməkdaşların rifahına və iş-həyat balansına töhfə verir,” deyə Emil Məsimov bildirib.

2013-cü ildə yaradılan Azerconnect ölkədə dinamik inkişaf edən informasiya və kommunikasiya texnologiyaları (ICT) və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən ilk B2B (Biznesdən-Biznesə) şirkətdir. Şirkət beynəlxalq standartlara uyğun geniş spektrli ICT xidmətləri təqdim edir.

Azerconnect NEQSOL Holding-in tərkibinə daxildir. NEQSOL Holding Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-də enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sahələrini əhatə edən fəaliyyət sahələrinə malik beynəlxalq şirkətlər qrupudur.